“All My Children” serialının ulduzu Paul Avery və həyat yoldaşı Sheila evlərində baş verən yanğında həyatını itirib. 81 yaşlı aktyor və həyat yoldaşının ABŞ-ın Blairstown şəhərindəki evində çərşənbə axşamı gecə saatlarında yanğın baş verdiyi bildirilib.
Yanğınsöndürənlər hadisə yerinə çatanda ev artıq alovlar içində olub. Avery və həyat yoldaşı evdən çıxarılanda hələ sağ olsalar da, vəziyyətlərinin ağır olduğu açıqlanıb. Təcili yardım əməkdaşları cütlüyü ürək masajı ilə həyata qaytarmağa çalışıb, lakin onlar qısa müddət sonra vəfat ediblər.

Yanğının başvermə səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.
Cütlüyün qızı Kyle Avery həmin gün sosial şəbəkədə paylaşım edərək valideynlərinin ölüm xəbərini təsdiqləyib. O, paylaşımında yanğınsöndürənlərin valideynlərini xilas etmək üçün göstərdiyi səylərə görə minnətdar olduğunu bildirib.
Paul Avery Vyetnam müharibəsi zamanı orduda aviator kimi xidmət edib, daha sonra kino və televiziya sahəsində aktyor kimi fəaliyyət göstərib. O, televiziyada daha çox “All My Children” serialında canlandırdığı barmen Hughie obrazı ilə tanınıb. Avery bu rola 1981-ci ildə başlayıb və 12 il ərzində serialda müntəzəm olaraq çəkilib.

Aktyor 1970-ci illərdə filmlərdə də rol alıb. O, Christopher Reeve, Gene Hackman və Margot Kidderin baş rollarda çəkildiyi 1978-ci il istehsalı olan klassik “Superman” filmində də yer alıb.

