Rəssam Pablo Pikassonun fotoqraf Dora Maarı təsvir etdiyi portret Londonda keçirilən Sotheby’s hərracında 1,7 milyon dollara satılıb.
Bu barədə hərrac təşkilatçıları məlumat yayıb.
Əsərin yekun qiyməti ilkin qiymətləndirməni üstələyib.
Pikasso portreti 1936-cı ilin noyabrında, Dora Maarla tanış olduqdan və onunla münasibətə başladıqdan qısa müddət sonra çəkib. Rəssam əsəri sevgilisinə hədiyyə edib və tablo 1997-ci ildə Dora Maarın ölümünədək onun kolleksiyasında qalıb.

Daha sonra əsər britaniyalı iş adamı və investor Co Lyuisin kolleksiyasına daxil olub.
Eyni hərracda Lyuisin kolleksiyasından digər əsərlər də satılıb. Klod Monenin “Ayaq üstə dayanan kişinin portreti” əsəri 1,3 milyon dollara, Vinsent Van Qoqun “İsinən qoca” tablosu 1,2 milyon dollara, Pyer Bonnarın “Uğur qazanmış qadın” əsəri isə 930 min dollara alıcı tapıb.

