Azərbaycan və Özbəkistan birgə bədii film üzərində işə başlayıb. “Daşkəndə səyahət” adlı filmin bəzi səhnələrinin Azərbaycanda çəkilməsi planlaşdırılır.
Bu barədə Özbəkistan Prezident Administrasiyasının nümayəndəsi Cahangir Abdurəhmanov azərbaycanlı jurnalistlərin ölkəyə press-turu çərçivəsində keçirilən görüşdə məlumat verib.
“Azərbaycanlı həmkarlarımızla çoxsaylı birgə layihələrimiz var. Bunlar televiziya, telekanalların və filmlərin birgə çəkilişləri istiqamətində həyata keçirilir. Hazırda “Daşkəndə səyahət” filmi birgə çəkilir. Bəzi səhnələr Azərbaycanda da lentə alınacaq”, – deyə Abdurəhmanov bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında media sahəsində əməkdaşlıq aktiv şəkildə inkişaf edir. Buraya peşəkar təcrübə mübadiləsi və birgə layihələr də daxildir. Tərəflər Azərbaycan Medianın İnkişafı Agentliyi ilə əməkdaşlıq barədə də razılığa gəliblər.
Abdurəhmanov uğurlu əməkdaşlıq nümunələrindən biri kimi azərbaycanlı jurnalistlərin hazırda Özbəkistana təşkil olunan press-turunu qeyd edib. Onun sözlərinə görə, səfərin əsas məqsədi Özbəkistanın son onillikdə əldə etdiyi inkişaf nəticələrini Azərbaycan auditoriyasına təqdim etməkdir.

