Bu gün Azərbaycanda Milli Musiqi Günü qeyd olunur.
Hər il sentyabrın 18-də keçirilən bu əlamətdar gün Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin doğum tarixi ilə bağlıdır. Görkəmli bəstəkar 1885-ci il sentyabrın 18-də anadan olub.
Üzeyir Hacıbəyli Azərbaycan musiqi tarixində bütöv bir mərhələnin əsasını qoyub. Bəstəkarın Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında yaratdığı eyniadlı əsər Şərqdə ilk opera kimi tarixə düşüb. Opera ilk dəfə 1908-ci ildə Bakıda tamaşaya qoyulub.
Sonrakı illərdə Üzeyir Hacıbəyli “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Əsli və Kərəm” və digər əsərləri ilə milli opera sənətinin inkişafına mühüm töhfələr verib. Onun yaradıcılığı ilə Azərbaycanda musiqili komediya janrının da əsası qoyulub. “Ər və arvad” bu janrın ilk nümunəsi hesab edilir.
Dahi bəstəkarın Azərbaycan musiqisinə töhfələri bununla məhdudlaşmır. O, yüzlərlə xalq mahnısını nota köçürüb, müxtəlif janrlarda musiqi əsərləri yaradıb və milli musiqi irsinin sistemləşdirilməsi və qorunmasında mühüm rol oynayıb.
Üzeyir Hacıbəyli həm də Azərbaycan Respublikasının Dövlət Himninin musiqisinin müəllifidir.
Sentyabrın 18-i Azərbaycanda təkcə böyük bəstəkarın doğum günü deyil, bütövlükdə milli musiqi mədəniyyətinin təntənəsi kimi qeyd edilir. 2009-cu ildən etibarən Üzeyir Hacıbəylinin irsinə həsr olunan beynəlxalq musiqi festivalının keçirilməsi də bu ənənənin bir hissəsinə çevrilib.

