Türkiyənin Ağrı dağı yaxınlığında Nuhun gəmisinin izlərini axtaran tədqiqatçılar təxminən 4300 il əvvələ aid olduğu bildirilən yanmış ağac parçaları aşkar etdiklərini iddia edirlər.
Denmedia.az Britaniyanın “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Durupınar ərazisində doqquz metrdən çox dərinlikdən çıxarılan iki ağac nümunəsinin yaşı laboratoriya analizləri vasitəsilə müəyyənləşdirilib.
Tədqiqatçıların təqdim etdikləri nəticələrə əsasən, birinci nümunə eramızdan əvvəl 2410–2269-cu, ikinci nümunə isə eramızdan əvvəl 2349–2193-cü illərə aid ola bilər.
Hər iki zaman aralığı bəzi ilahiyyatçıların Nuh tufanının baş verdiyi dövr kimi göstərdikləri eramızdan əvvəl 2348 və 2304-cü illəri əhatə edir. Bununla belə, bu uyğunluq tapıntıların Nuhun gəmisinə məxsus olduğunu sübut etmir.
Layihənin rəhbəri Endryu Cons bildirib ki, əlavə nümunələr Türkiyə və İsveçrədəki laboratoriyalarda araşdırılacaq. Türkiyədə aparılan analizlərin nəticələrinin gələn ay açıqlanması gözlənilir.
Araşdırmalar zamanı ağacın hansı növə aid olduğu, həmçinin onun səthində qatran və ya bitum izlərinin olub-olmadığı müəyyənləşdiriləcək.
Tədqiqat qrupunun nümayəndəsi Atila isə tapılan ağac parçalarında insan əli ilə işlənmə əlamətlərinin müşahidə edildiyini bildirib.
“Məncə, bu ağac parçası insan əli ilə işlənib. Üzərindəki izlər, səthin xüsusiyyətləri və bəzi qeyri-təbii detallar onun müəyyən məqsədlə bilərəkdən yonulmuş ola biləcəyini göstərir”, – deyə o qeyd edib.
Araşdırma çərçivəsində aparılan radar ölçmələri də diqqət çəkib. Layihədə iştirak edən doktor Xosrov Baxtarın sözlərinə görə, uzunluğu təxminən 157 metr olan geoloji quruluşun daxilində otaq və dəhlizlərə bənzər strukturlar müəyyən edilib.
Tədqiqatçılar yeraltı quruluşda üç ayrı səviyyənin ola biləcəyini də irəli sürüblər. Onlar bunun müqəddəs mətnlərdə Nuhun gəmisinin üç mərtəbəli olması ilə bağlı təsvirlərə bənzədiyini bildirirlər.
“Müqəddəs kitablarımızda Nuhun gəmisinin üç mərtəbədən ibarət olduğu qeyd edilir. Radar araşdırmalarımızda da üç səviyyəli quruluş müəyyən etmişik”, – deyə Atila vurğulayıb.
Endryu Cons isə mövcud tapıntıların həmin geoloji quruluşun Nuhun gəmisi olduğunu təsdiqləmədiyini etiraf edib. Bununla belə, o, radar görüntülərini araşdırmanın davam etdirilməsi üçün mühüm yeni dəlil hesab edir.
Mütəxəssislər arasında Durupınar ərazisinin mənşəyi ilə bağlı fikir ayrılıqları qalır. Əvvəlki geoloji araşdırmalarda həmin ərazi təbii qaya formasiyası kimi qiymətləndirilib.

