Bakı, Abşeron və Sumqayıtın sərhədlərində dəyişiklik edilib.
Nəticədə Binəqədidən və Abşerondan ümumilikdə 3800 hektara yaxın torpaq Sumqayıt şəhərinin ərazisinə qatılıb.
Belə ki, 17 oktyabr 2023-cü il tarixində qəbul edilən Azərbaycan Respublikasının Qanunu ilə Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərində müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklər qanuna əlavə edilmiş xəritələrə əsasən həyata keçirilib.
Dəyişikliklərə əsasən, Bakı şəhəri Binəqədi rayonunun inzibati ərazisindən 1213 hektar torpaq sahəsi, həmçinin Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 hektar və 2223,67 hektar torpaq sahələri Sumqayıt şəhərinin inzibati ərazisinə verilib.
Bu qanunun tətbiqi ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə yerli icra hakimiyyətləri, eləcəsə Sumqayıt Bələdiyyəsi ilə birgə yeni müəyyən edilmiş sərhədlərdə mərzçəkmə işlərinin icrasını təmin etmək tapşırılıb.
Qeyd edilən sərəncamın icrası çərçivəsində, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin əməkdaşları və Sumqayıt Bələdiyyəsi tərəfindən şəhərinin, əsasən “Sarıqaya” bağlar massivi adlandırılan ərazisində yerquruluşu və mərzçəkmə işlərinə başlanılıb. Bu işlərin icrası nəticəsində daşınmaz əmlakın dövlət reyestrində və elektron kadastr baza məlumatlarında dəqiqləşmələr aparılacaq, həmçinin uyğunsuzluqlar aradan qaldırılacaqdır. Eyni zamanda, sənədsiz bağ torpaq sahələrinin sənədləşdirilməsi bərpa olunacaqdır.
Sakinlərdə bu xidmətə görə minnətdarlıqları ifadə ediblər.