“Lukoyl” şirkəti ətrafında baş verən son hadisələr böyük maraq doğurur. Böyük Britaniyanın şirkətin xarici aktivlərini müvəqqəti sanksiyalardan azad etməsi, paralel olaraq “Lukoyl”un özünü satışa çıxarması istiqamətində yayılan xəbərlər diqqət çəkib. Bildirilir ki, bu addımlar şirkətin çətin vəziyyətdə olduğunu göstərir.
Xatırladaq ki, Rusiya enerji şirkəti 2025-ci ilin oktyabr ayının ikinci yarısında ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın sanksiya bloklamasına məruz qalıb. Məhdudiyyətlərdən sonra şirkətin direktorlar şurası xarici aktivlərin satışı üçün təcili alıcı axtarışına çıxıb.
Şirkət batır, yoxsa xilas üçün mübarizə aparır?
DenMedia.az xəbər verir ki, bu barədə Globalinfoya danışan iqtisadçı Eyyub Kərimli deyib ki, hazırda “Lukoyl”un xarici aktivləri və bank köçürmələrinin həyata keçirilməsi mümkün deyil və bu hal onun fəaliyyətinə mənfi təsir göstərib:

Eyyub Kərimli
“Nəticədə şirkət yeni avadanlıqların alınması və tətbiqi prosesində çətinliklərlə qarşılaşır, həmçinin satış sahəsində problemlər yaşayırdı. Bu isə belə böyük bir şirkət üçün ağır nəticələrə səbəb olurdu. Bəzi hallarda Azərbaycanda belə POS-terminallar vasitəsilə ödənişlərin həyata keçirilməsi mümkünsüz idi. “Lukoyl” bir neçə ölkədə fəaliyyət göstərir, o cümlədən Yaxın Şərqdə nümayəndəliklərə malikdir. Buna görə də indiki vəziyyət şirkətin iqtisadi olaraq ciddi çətinliklərlə üzləşdiyini göstərir. Xarici fəaliyyətin geniş olması da bu prosesə əlavə yük yaradır və şirkətin fəaliyyətini davam etdirməsini mürəkkəbləşdirir. Ümumilikdə, tətbiq edilən sanksiyalar səbəbindən yaranmış bu durum Rusiyanın apardığı müharibə və ona qarşı yönəlmiş maliyyə məhdudiyyətlərinin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər”.
Enerji məsələləri üzrə ekspert İlham Şaban isə hər şeyin 13 dekabr tarixində bilinəcəyini vurğulayıb:

İlham Şaban
“Şou düzəltməyin heç bir mənası yoxdur. Biznes niyə batır? Şirkət satır və qazanc əldə edir. Düzdür, bu bazarı itirir, amma o pulları Afrikaya ayıraraq bəlkə daha çox qazana bilər. Yəni hər şey birmənalı deyil”.
Qeyd edək ki, “Lukoyl” neft şirkətinin təsisçisi iş adamı Vahid Ələkbərovdur.

