Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi cari ilin mart ayı üzrə keçirilmiş yoxlamaların nəticələrini açıqlayıb.
Mərkəzin tibbi nəzarət şöbəsinin mütəxəssisi Xəyalə Əliyeva bildirib ki, 29 yoxlama çərçivəsində 25 özəl tibb müəssisəsi və 4 fiziki şəxsə məxsus obyekt yoxlanılıb, nəticədə 26 inzibati protokol tərtib edilib.
Onun sözlərinə görə, əsas pozuntular lisenziyasız tibbi fəaliyyət və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan dərman vasitələrinin dövriyyəsi ilə bağlı olub.
Xəzər TV-nin məlumatına görə, reydlər zamanı istifadə müddəti bitmiş, dövlət qeydiyyatından keçməmiş və saxta dərmanların, eləcə də mənşəyi məlum olmayan preparatların satışı faktları aşkar edilib.
Xəyalə Əliyeva qeyd edib ki, pozuntular aşkar edildikdən sonra müəssisələrə onların aradan qaldırılması ilə bağlı rəsmi göstəriş verilir. Təkrar yoxlama zamanı tələblər yerinə yetirilmədikdə və ya qismən icra olunduqda daha sərt tədbirlər görülür.
Belə hallarda müvafiq subyektin lisenziyası ilə bağlı məhdudlaşdırıcı tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyinə rəsmi təqdimat göndərilir.
Bundan əlavə, mart ayında 54 aptek yoxlanılıb, onlardan 19-u Bakıda, 35-i regionlarda yerləşir.
Yoxlamalar nəticəsində 12 aptekdə pozuntular aşkar olunub və inzibati protokollar tərtib edilib.
Toplanan bütün materiallar baxılması üçün aidiyyəti məhkəmə orqanlarına göndərilib.

