Azərbaycanda yay fəsli 21 iyun saat 12:24:26-da Bakı vaxtı ilə başlayacaq.
Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Həmin anda Şimal yarımkürəsində astronomik yay, Cənub yarımkürəsində isə qış fəsli başlayacaq. Bu dövrdə Yer oxunun Günəş istiqamətinə nisbətən meyilliyi minimum olacaq və nəticədə Günəş il ərzində üfüq üzərində ən yüksək nöqtəsinə qalxacaq.
Bakıda günorta saatlarında Günəşin hündürlüyü maksimum həddə çataraq 73,1 dərəcə təşkil edəcək.
İlin ən uzun gündüzü və ən qısa gecəsi 21 iyunda qeydə alınacaq. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq.
Ümumilikdə yay fəsli 93 gün 15 saat 40 dəqiqə 42 saniyə davam edəcək.

