İyunun 12-də Bakının və Lənkəranın bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, təmir-təftiş işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Bakının Yasamal rayonu üzrə Tağı Şahbazi, Azad Mirzəyev və Abdulla Şaiq küçələrinin bəzi hissələrində, eləcə də paytaxtın Nizami rayonu üzrə Məmmədəli Şərifli və Şirin Mirzəyev küçələrinin ayrı-ayrı ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Bundan başqa, elektrik təchizatı obyektlərində aparılacaq işlərlə əlaqədar saat 09:00-dan 12:00-dək Qala qəsəbəsi yaxınlığında yerləşən Xaşaxuna bağ massivinin bəzi hissələrində də elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Lənkəran rayonunda isə məhdudiyyətlər saat 10:00-dan 13:00-dək Sütəmurdov, Vəladi, Viyən kəndlərində, həmçinin Aşağı Nüvədi və Gərmətük qəsəbələrində tətbiq olunacaq.
Saat 14:00-dan 16:30-dək isə Lənkəran şəhərinin Şirəli Axundov, Cavanşir, Fikrət Məmmədov və Müzəffər Nəsirli küçələrində, eləcə də Səpinəkəran və Şürük kəndlərində elektrik enerjisinin verilişində fasilələr olacaq.
“Azərişıq” ASC qeyd edib ki, təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə elektrik təchizatının keyfiyyəti yaxşılaşdırılacaq.

