Bu gün saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Sabah”la İsrailin “Hapoel” (Beer-Şeva) klubu arasında keçiriləcək oyunla əlaqədar Bakı Metropoliteninin iş rejimində dəyişiklik ediləcək.
“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, qarşılaşma penaltilər seriyasına qədər uzanarsa, metronun iş vaxtı artırılacaq və stansiyalar sərnişinlərin girişinə saat 01:00-dək açıq olacaq.
“Gənclik” stansiyası oyun günü gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Ehtiyat qatarlar xəttə buraxılmağa hazır vəziyyətdə saxlanılacaq, əlavə əməkdaşlar isə növbəli şəkildə işə cəlb olunacaq.
Bundan başqa, “Nəriman Nərimanov” və “28 May” stansiyalarında da əlavə tədbirlər görüləcək.
Gün ərzində qatarların hərəkəti mövcud qrafik üzrə davam edəcək.

