Bakının Səbail rayonunun Badamdar qəsəbəsində torpaq sürüşməsi yenidən aktivləşib. Ərazidə çatların genişlənməsi və yaşayış evləri üçün təhlükənin artması səbəbindən sakinlərə təhlükəli zonanı müvəqqəti tərk etmək tövsiyə olunub.
Denmedia.az xəbər verir ki, bu barədə Səbail Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, son günlər yağan intensiv yağışlar nəticəsində Badamdar–20-ci sahə istiqamətində sürüşmə prosesi güclənib, ərazidə ciddi deformasiyalar və dağıntılar yaranıb.
Sürüşmə sahəsinin genişlənməsi yaşayış evləri, digər tikililər və sakinlərin təhlükəsizliyi üçün ciddi risk yarada bilər.
Yaranmış vəziyyətlə əlaqədar zəruri tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanıb. Ərazidə yaşayan sakinlər mövcud təhlükə barədə məlumatlandırılıb və təhlükəsizlik məqsədilə ərazini müvəqqəti tərk etməyə çağırılıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən aparılan növbəti monitorinq zamanı sürüşmə zonasında aktivliyin davam etdiyi müəyyən edilib.
Əvvəlki müşahidələrlə müqayisədə torpaq səthində yaranmış çatların bir qədər də genişləndiyi qeydə alınıb.
Mütəxəssislər sürüşmə prosesinin dinamikasını izləmək üçün ərazidə mütəmadi monitorinqləri davam etdirirlər.

