İtaliyanın qədim Pompey şəhərində arxeoloqlar təxminən 2000 ildir bağlı qalan dolabın içərisində qiymətli əşyalar aşkar ediblər. Tapıntılar arasında ətir qabı, qədim sikkələr və qeyri-adi boyunbağı da var.
Denmedia.az Fox News nəşrinə istinadən xəbər verir ki, dolab eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində kül altında qalan evlərdən birində tapılıb.
Via dell'Abbondanza küçəsində yerləşən və Korneli Maksimin evi kimi tanınan tikilidə aşkar edilən dolabdan maqqaş, kosmetik vasitələrin qarışdırılması üçün alət, buxurdan, bürünc yağ lampası və qurğuşun çəki daşları da çıxarılıb.
Mütəxəssislər dolabın qadına məxsus olduğunu və vulkan püskürməsindən bəri açılmadığını ehtimal edirlər.
Ən diqqətçəkən tapıntılardan biri üzərində 24 kiçik asma bəzək olan boyunbağıdır. Bəzəklərdə tanrı təsvirləri, əl və ayaq fiqurları, şam qozaları və üzüm salxımları əks olunub.
Qədim Romada crepundia adlanan bu cür boyunbağılar uşaqlara qoruyucu amulet kimi verilirdi. Hərəkət zamanı çıxardıqları cingilti böyüklərə uşağın harada olduğunu eşitməyə imkan yaradırdı. Alimlər qadının boyunbağını uşaqlıq xatirəsi kimi saxlamış ola biləcəyini düşünürlər.
Dolabdan, həmçinin 38 ədəd bürünc sikkə tapılıb. Sikkələrin nominal dəyəri barədə məlumat verilməyib.
Pompey Arxeoloji Parkının nümayəndəsi bildirib ki, sikkələrin dolabda qalması ev sakinlərinin qiymətli əşyalarını götürməyə vaxt tapmadığını göstərir. Bununla belə, arxeoloqlar evdə yaşayan şəxslərin kimliyini dəqiq müəyyənləşdirə bilməyiblər.
Parkın direktoru Qabriel Zuxtrigel isə tapıntıların keçmişdə yaşamış insanların gündəlik həyatını daha yaxından anlamağa imkan verdiyini vurğulayıb.

