Azərbaycanda noyabrın 19-da polis əməkdaşları tərəfindən 79 cinayətin üstü açılıb, 78 şübhəli şəxs saxlanılıb.
Denmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, gün ərzində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan isə 8 cinayətin açılması təmin edilib.
Müxtəlif hüquqpozmalarla əlaqədar axtarışda olan 128 şəxs saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 90 nəfəri borclu qismində axtarışda olub.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 39 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 78 nəfər saxlanılıb.
Bundan başqa, noyabrın 19-da keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ailə üzvlərinə məlumat vermədən yaşayış yerini tərk etdiyinə görə itkin düşmüş şəxs kimi axtarışda olan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 11 nəfər də saxlanılaraq istintaqa təhvil verilib.
Polisin keçirdiyi əməliyyat tədbirləri zamanı 83,4 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb. DİN narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin qətiyyətlə davam etdirildiyini bildirib.
Həmçinin paytaxtda və respublikanın müxtəlif rayonlarında 1 avtomat, 10 tüfəng, 1 patron darağı və 25 patron aşkar edilərək götürülüb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının aşkarlanması və götürülməsi istiqamətində əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

