Şuşada Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin rəsmi qarşılanma mərasimi keçirilib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Slovakiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Slovakiya Prezidentinə raport verib.
Slovakiya Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiya Prezidenti Peter Pelleqrininin qarşısından keçib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqriniyə, Slovakiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.






