Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid konsepsiya əsasında inkişaf etdirilməli olduğunu bildirib. Dövlət başçısı bu barədə Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində danışıb.
Prezident Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə sisteminin üstünlüklərini qeyd edərək, həmin modelin – Prezidentin xüsusi nümayəndəliyi institutunun Naxçıvanda da tətbiq olunduğunu vurğulayıb. Onun sözlərinə görə, bölgədə yaşayan 90 mindən çox insan bu idarəetmə sisteminin nəticələrini görür.
İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə şəhərlərin Baş planlarının artıq təsdiqləndiyini xatırladıb. Dövlət başçısı bildirib ki, Naxçıvan şəhərinin də Baş planının hazırlanması barədə göstəriş verib və sənəd artıq ona təqdim olunub. Məqsəd şəhərin inkişafını sürətləndirmək və müasir infrastruktur yaratmaqdır.
Prezident həmçinin Ordubad rayonunda su elektrik stansiyasının tikintisinin nəzərdə tutulduğunu, Naxçıvanın inkişafı üzrə Dövlət Proqramının və irriqasiya sahəsi üzrə tədbirlər planının hazırlandığını bildirib. Onun sözlərinə görə, bölgədəki problemlərin araşdırılması üçün böyük nümayəndə heyəti göndərilib və artıq müvafiq işlərə başlanılıb.
Zəngəzur dəhlizinin bir hissəsi olan Horadiz–Ağbənd avtomobil yolunun tikintisinin demək olar ki, başa çatdığını deyən Prezident dəmir yolu layihəsinin də sürətlə davam etdiyini açıqlayıb. Dövlət başçısının sözlərinə görə, Azərbaycan bu layihəni istənilən vaxt sürətləndirə bilər, lakin Ermənistan ərazisindən keçən hissə hazır olmadığı üçün hazırda buna ehtiyac görülmür.

