ABŞ-nin Miçiqan ştatında siklosporoz parazitar infeksiyasına yoluxanların sayı 2 640 nəfərə çatıb.
Bu barədə ştat hakimiyyətinin rəsmi saytında məlumat verilib. Qeyd olunur ki, bir müddət əvvəl yoluxanların sayı təxminən min nəfər idi.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin məlumatına görə, siklosporoz güclü və sulu ishala səbəb ola bilən parazitar infeksiyadır. Xəstəlik adətən həyati təhlükə yaratmır və antibiotiklərlə müalicə olunur.
Siklosporoz hallarına daha çox yaz-yay aylarında rast gəlinir.
Bildirilib ki, Miçiqanda adətən il ərzində təxminən 50 belə yoluxma qeydə alınır. Hazırkı epidemiya isə ştat tarixində ən böyük siklosporoz yayılmasıdır.
Yoluxma hallarının artması Ohayo ştatında da müşahidə olunur. İyulun əvvəlinə olan məlumata görə, burada 177 xəstə müəyyən edilib.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri 17 ştatda yüzlərlə yoluxma halı qeydə alıb. Qurum real rəqəmin açıqlanandan xeyli yüksək ola biləcəyini istisna etmir.

