Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan Əl Səud Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı aparıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Yaxın Şərqdə təhlükəsizlik sahəsində mövcud vəziyyət müzakirə olunub. Tərəflər regionda gərginliyin artması ilə bağlı narahatlıqlarını ifadə edib və vəziyyətin daha da eskalasiya etməsinin qarşısının alınmasının vacibliyini vurğulayıblar.
Bu kontekstdə region ölkələrinin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyi, eləcə də qonşu dövlətlərə qarşı zərbələrin qəbuledilməz olduğu qeyd olunub.
Telefon danışığı zamanı həmçinin Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq gündəlikdə duran digər aktual məsələlər müzakirə edilib.
Nazirlər eyni zamanda qarşılıqlı maraq doğuran digər mövzular ətrafında da fikir mübadiləsi aparıblar.

