İyunun 24-də ABŞ-ın paytaxtı Vaşinqtonda, Konqres binasında — Kapitolidə Bakı Təşəbbüs Qrupunun təşəbbüsü ilə “Qayıdış və öz müqəddəratını təyinetmə hüququ: ikili standartlar və selektiv yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Qeyd olunur ki, bu, ABŞ Konqresində Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmələrə həsr olunan ilk belə tədbir olacaq.
Konfransda qaçqınların və milli azlıqların hüquqlarının müdafiəsi üzrə ekspertlər, hüquq müdafiəçiləri, beynəlxalq hüquq mütəxəssisləri, diaspor təşkilatlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutları və zərərçəkmiş icmaların təmsilçiləri iştirak edəcəklər.
Tədbirdə Ermənistan ərazisindəki tarixi torpaqlarından zorla qovulmuş yüz minlərlə azərbaycanlının təhlükəsiz, könüllü və ləyaqətli şəkildə öz yurdlarına qayıtmaq hüququnun beynəlxalq təşkilatların gündəmində saxlanılması müzakirə olunacaq.
Bundan başqa, Ermənistan ərazisində qalmış Azərbaycan mədəni, dini və tarixi irsinin dağıdılması, təhqir edilməsi və mənimsənilməsi faktlarına beynəlxalq-hüquqi qiymət verilməsi məsələsi nəzərdən keçiriləcək.
İştirakçılar bu pozuntuların BMT və digər beynəlxalq strukturlar səviyyəsində araşdırılması, sənədləşdirilməsi və hesabatlılıq mexanizmlərinin yaradılması imkanlarını da müzakirə edəcəklər.
Konfransda, həmçinin kolonializmdən əziyyət çəkən xalqların öz müqəddəratını təyinetmə hüququ və kolonial ərazilərin BMT-nin dekolonizasiya gündəliyinə daxil edilməsi məsələlərinə toxunulacaq.

