Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsində tarixi rol oynadığını bildirib.
Dövlət başçısı bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
İlham Əliyev qeyd edib ki, Donald Tramp 2025-ci il avqustun 8-də ev sahibliyi etdiyi Vaşinqton Sülh Sammitində Azərbaycan və Ermənistan arasında sülhün irəlilədilməsinə mühüm töhfə verib.
“Onun sülh prosesinə verdiyi mühüm töhfənin tanınması məqsədilə mənim təşəbbüsümlə Azərbaycan və Ermənistan Prezident Trampı Nobel Sülh Mükafatına birgə namizəd göstərib”, – paylaşımda bildirilib.

Prezident İlham Əliyev, həmçinin Trampın regionda davamlı sülhün təmin olunması istiqamətində səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid etdiyini vurğulayıb.
“Biz Prezident Trampın regionumuzda davamlı sülhün təmin olunması istiqamətində göstərdiyi tarixi səylərin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə səmimi-qəlbdən ümid edirik”, – dövlət başçısı qeyd edib.

