Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir.
Bu barədə Prezident İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı bildirib. Dövlət başçısı oktyabrın 8-də görüşdə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib.
Prezident qeyd edib ki, ötən ildən etibarən artıq beş yüksəksəviyyəli qarşılıqlı səfər baş tutub.
“Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə qarşılıqlı istəyimizi əks etdirir”, – deyə İlham Əliyev vurğulayıb.
Dövlət başçısı Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikilməsini xüsusi qeyd edib. Məscidin təməli 2025-ci ildə qoyulub.
“Ötən il biz birlikdə onun təməlqoyma mərasimində iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımızın dostluğunun və mənəvi yaxınlığının daha bir göstəricisidir”, – deyə Prezident bildirib.
İlham Əliyev Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının da son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini diqqətə çatdırıb.
Prezidentin sözlərinə görə, siyasi əlaqələr yüksək səviyyədədir, dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər müntəzəm xarakter alıb.
“Ticarət-iqtisadi əməkdaşlıq möhkəmlənir, qarşılıqlı investisiyalar artır, birgə layihələr həyata keçirilir”, – deyə dövlət başçısı vurğulayıb.

