Vaxtilə böyük maraqla izlənilən “Möhtəşəm Yüzyıl” serialında Sultan Süleyman rolunu canlandıran Halit Ergenç və Hürrem Sultan obrazı ilə tanınan Meryem Uzerli 15 ildən sonra yenidən eyni layihədə rol alacaqlar.
Sky Films tərəfindən istehsal olunan “İmrozda Bahar” filmi üçün hazırlıqlara artıq başlanılıb. Filmin rejissoru isə “Aşıklar Bayramı”, “Erken Kış”, “Karanlık Gece” və “Sonbahar” kimi filmlərlə tanınan, mükafatlı türk rejissoru Özcan Alper olacaq.

Film adada yolları kəsişən iki fərqli həyatın hekayəsindən bəhs edir. Süjet iki insanın həyatında “ikinci baharın mümkün olub-olmaması” sualı ətrafında qurulub və “İmrozun baharında sevgi yenidən mümkündürmü?” mövzusuna cavab axtarır.

Layihənin baş rollarını isə illər əvvəlki obrazları ilə tamaşaçıların yaddaşında qalan Meryem Uzerli və Halit Ergenç ifa edəcək.

Böyük maraq doğuran “İmrozda Bahar” filminin çəkilişlərinə yaxın zamanda başlanacağı bildirilir. Güclü aktyor heyəti və təsirli süjeti ilə layihə artıq diqqət mərkəzindədir.

