“Survivor” yarışması ilə tanınan Sahra Işık ilə qalmaqallı şəkildə boşanan İdris Aybirdi maqazin gündəmini silkələyən “Seray Kaya ilə xəyanət” iddialarına ilk dəfə münasibət bildirib.
Sosial media hesabında yazılı açıqlama yayan Aybirdi iddiaları qəti şəkildə təkzib edib. O, “üçüncü şəxslərin bu prosesə haqsız yerə daxil edilməsini doğru hesab etmirəm” deyə bildirib.
Qeyd edək ki, Sahra Işık və İdris Aybirdi 2019-cu ildə ailə qurmuş, bir neçə ay əvvəl isə yollarını ayırmışdılar. Sahra Işıkın keçmiş həyat yoldaşının onu “Kızılcık Şerbeti” serialının aktrisası Seray Kaya ilə aldatdığını iddia etməsi Türkiyə maqazin gündəmində geniş müzakirələrə səbəb olub.

İddiaların mərkəzində olan Seray Kaya hələlik səssizliyini qoruyarkən, İdris Aybirdi açıqlamasında evliliklərinin qarşılıqlı hörmət çərçivəsində bitdiyini vurğulayıb. O, xəyanətin olmadığını bildirərək deyib:
“Evlilik birliyimiz dövründə prosesə daxil edilməyə çalışılan şəxslə iddia edilən tarixlərdə nə tanışlığımız, nə də münasibətimiz başlamışdı. Gerçək olmayan tarixlər və şərhlərlə fərqli təsəvvür yaradılmasını qəbul etmirəm. Şəxsi həyatımıza üçüncü şəxslərin haqsız şəkildə daxil edilməsini doğru hesab etmirəm”.
Aybirdi indiyədək maqazin fiquruna çevrilməkdən çəkindiyini və susmağa üstünlük verdiyini bildirib. Onun sözlərinə görə, bu mövqeyinin əsas səbəbi ata məsuliyyəti olub.

O, oğlunun bu prosesdən zərər görməməsi üçün çalışdığını deyərək, “bir ata kimi prioritetim hər zaman onun rahatlığı və xoşbəxtliyi olacaq” ifadəsini işlədib. Aybirdi övladı ilə bağlı maddi və mənəvi bütün məsuliyyətlərini yerinə yetirdiyini də qeyd edib.
Açıqlamasının sonunda İdris Aybirdi əsassız iddiaların sona çatmasını arzulayıb. O, ailə məsələlərinin ekranlarda və sosial media platformalarında müzakirə mövzusuna çevrilməməli olduğunu vurğulayaraq, hər kəsi daha həssas və ölçülü davranmağa çağırıb.

