ABŞ-dakı milyonluq malikanəsinə görə borca düşdü? Məşhur teleaparıcı ilə bağlı iddia yayıldı
Rusiyalı teleaparıcı Yelena Malışevanın ABŞ-dakı dəbdəbəli malikanəsinə görə təxminən 2 milyon rubl vergi borcu topladığı iddia edilir.
Baza Telegram kanalının məlumatına görə, o, ABŞ-ın Nyu-Cersi ştatının nüfuzlu Alpayn qəsəbəsində yerləşən evi üzrə iki rüblük vergi ödənişini etməyib.
Bildirilir ki, gecikmə faizlərlə birlikdə 22,3 min dollara (təxminən 1,8 milyon rubl) çatıb. İddiaya əsasən, 1 avqustadək növbəti ödəniş də edilməzsə, borc 33,1 min dollara (təxminən 2,7 milyon rubl) yüksələcək.
Məlumata görə, Yelena Malışeva bu malikanəni 2016-cı ildə 6,4 milyon dollara alıb. 917 kvadratmetrlik ev 0,8 hektar ərazidə yerləşir və 21 otaq, o cümlədən 6 yataq otağı və 10 hamam otağından ibarətdir.
Qeyd edək ki, bu məlumat Baza Telegram kanalının iddiasına əsaslanır və teleaparıcı tərəfindən hələlik rəsmi şəkildə şərh olunmayıb.

