Nikol Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110,6 faiz artıb. Bu barədə TASS Ermənistan Statistika Komitəsinin məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, 30 aprel 2018-ci il tarixinə Ermənistanın dövlət borcu 6,87 milyard dollar təşkil edirdisə, 30 aprel 2026-cı ildə bu göstərici 14,46 milyard dollara çatıb.
Agentliyin məlumatında qeyd olunur ki, ən yüksək göstərici 2026-cı ilin fevralında qeydə alınıb. Həmin vaxt Ermənistanın dövlət borcu 14,78 milyard dollar olub. Bu isə Paşinyanın baş nazirliyə başladığı dövrlə müqayisədə 115,2 faiz artım deməkdir.
Eyni zamanda bildirilir ki, 2025-ci ilin dekabrından Ermənistan hökuməti dövlət borcunun hesablanması metodikasını dəyişib. Yeni qaydaya əsasən, hökumətin daxili və xarici öhdəlikləri, eləcə də Ermənistan Mərkəzi Bankının borcu ümumi dövlət borcuna daxil edilmir. TASS isə hesablamalarda bu dəyişiklikləri nəzərə aldığını bildirib.
Qeyd edək ki, iyunun 10-da Beynəlxalq Valyuta Fondu Ermənistan üçün 25 milyon dollar məbləğində maliyyələşdirmə ayrılması barədə qərar qəbul edib. Stand-By Arrangement ehtiyat proqramı çərçivəsində respublikaya 18,4 milyon SDR, yəni təxminən 25,1 milyon dollar ayrılacaq.
Yerevan isə bu razılaşmanı hələlik preventiv tədbir kimi qiymətləndirir və ayrılan vəsaitdən yalnız ciddi zərurət yaranacağı halda istifadə etməyi planlaşdırır.

