Türk teatr və kino sənətinin tanınmış simalarından Gülsen Tuncerin səhhəti ilə bağlı üzücü xəbər yayılıb. “Aşk-ı Memnu” serialında canlandırdığı Arsen xanım obrazı ilə geniş auditoriyanın yaddaşında qalan 81 yaşlı aktrisanın beynində şiş aşkarlandığı bildirilir.
Məlumata görə, həkimlər Gülsen Tuncerin beynində II dərəcəli şiş müəyyən ediblər. Xəstəlik səbəbindən sənətçinin danışmaq və yazmaq qabiliyyətini itirdiyi qeyd olunur.

Film-San Vəqfi də aktrisanın səhhəti ilə bağlı sosial şəbəkədə paylaşım edib. Qurumun açıqlamasında bildirilib:
“Çox dəyərli aktrisa Gülsen Tuncerə Allahdan şəfa diləyirik. Hazırda ağır xəstəliklə mübarizə aparır. Dualarımız onunladır.”
Xəbərin yayılmasından sonra sosial mediada sənətçiyə minlərlə dəstək və şəfa mesajı ünvanlanıb.

