Ötən gün Novxanı çimərliyində baş verən faciə təkcə iki ailənin deyil, bütün cəmiyyətin ürəyini dağladı. 16 yaşlı Əli Cabbarov dostları ilə birlikdə dənizə girərkən qəfil boğulma təhlükəsi ilə üzləşib. Onu xilas etməyə cəhd edən hərbi qulluqçu Rəvan Əliyev isə fədakarlıq göstərərək dərhal suya atılıb. Təəssüf ki, güclü dalğalar hər iki şəxsin həyatını əllərindən aldı.
Bu gün hər iki şəxsin nəşi çimərliyin qayalıq sahəsindən tapılaraq sudan çıxarılıb.
Faciə baş verən ərazi rəsmi çimərlik statusu daşımır. Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən Den.az-a verilən məlumata görə, həmin ərazidə nə xilasedici postu var, nə də təhlükəsizlik nəzarəti təmin olunur. Lakin yay aylarında sakinlərin bu kimi zonalara axını, təhlükəsizlik qaydalarına məhəl qoymaması acı nəticələrə səbəb olur.
FHN rəsmisi Akşin Əlili bildirib ki, bu cür ərazilərdə təhlükə riski yüksəkdir və vətəndaşlar çimərlik seçərkən bu məqamlara xüsusi diqqət yetirməlidirlər.
Hadisənin şahidləri də məsuliyyətin bir hissəsinin çimərlik qaydalarını pozan şəxslərin üzərində olduğunu bildirirlər. Onların sözlərinə görə, bəzi insanlar sərxoş vəziyyətdə dənizə girir, üzməyi bilmədən dərinə üzürlər, nəticədə faciə qaçılmaz olur.
Sakinlər bildiriblər ki, "Həmin yer nəzarətsiz ərazidir, bunu hamı bilir. Amma buna baxmayaraq yenə də gəlirlər, çimirlər. "Ağıllı adam bilər ki, ora dərin yerdir. Xamlıq edirlər, içkili halda girirlər, üzməyi bilmirlər. Hadisələr də məhz belə vaxtlarda baş verir."-deyə vətəndaşlar qeyd ediblər.
Xüsusilə vurğulanmalıdır ki, Rəvan Əliyevin göstərdiyi fədakarlıq bir qəhrəmanlıq nümunəsidir. O, vətəndaşlıq borcunu yerinə yetirmək, bir gəncin həyatını xilas etmək üçün canını təhlükəyə atdı. Lakin amansız taleyin hökmü onun da həyatını əlindən aldı.
Bu faciə bir daha göstərdi ki, ictimai məsuliyyət və fərdi təhlükəsizlik qaydalarına əməl etmək hər bir vətəndaşın borcudur. Əks halda, nəticələr belə ağır və geri dönüşü olmayan itkilərlə müşayiət oluna bilər.
Nizami Rəsulov
Den.az