Abşeronda 16 yaşlı iki yeniyetmə dənizdə batıb. Hadisə Novxanı çimərliyində qeydə alınıb.
Den.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Novxanıda dənizdə batan iki nəfər 16 yaşlı yeniyetmələrdir. Onlar Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğludur. Yaxınlarının verdiyi məlumata görə yeniyetmələr ötən gecə saat 4 radələrində yaşadıqları Xırdalan şəhərindəm dənizə çimmək üçün gəliblərmiş.
Yeniyetmələrdən biri Aqil Novruzovun anası bildirib ki, ötən gün ondan pul alıb ki, dostunun əsgər getməsi münasibəti ilə dənizə gedəcəklər. Ancaq bu gediş onların sonunu gətirib.
Yeniyetmələrin Kəlbəcər rayon 21 nömrəli tam orta məktəbin şagirdləri olduğu bildirilir.
Qeyd edək ki, dənizdə batan 16 yaşlı Tacir Kosayev və Aqil Novruzovun meyiti elə həmin ərazidən tapılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.