Lənkəran rayon Zövlə kənd tam orta məktəbin direktor müavini Qurban Sadıqov barəsində son günlər sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı açıqlama verib.
O, DenMedia.az-a danışaraq baş verənlərin təhrif edildiyini və məsələdə onun günahının olmadığını bildirib.
Qurban Sadıqovun sözlərinə görə, müzakirələrə səbəb olan hadisə əslində altı ay əvvəl baş verib. Həmin vaxt məktəbdə 7-ci sinifdə oxuyan oğlu 11-ci sinif şagirdi tərəfindən vəhşicəsinə döyülüb. Məsələ barədə dərhal məktəb direktoruna məlumat verən Sadıqov şagirdlə söhbət aparmaq istədiyini bildirib. Lakin görüş zamanı həm sinif otağında, həm də dəhlizdə həmin şagird tərəfindən təhqirlərə məruz qalıb. Bu gərginlik nəticəsində xoşagəlməz hadisə yaşanıb.
Direktor isə 2008-ci ildən məktəbdə direktor müavini işləyən Qurban Sadıqovu heç bir xəbərdarlıq etmədən 18 aprel 2025-ci il tarixində işdən azad edib. Sadıqov məhkəməyə müraciət edərək bütün instansiyalarda iddianı udub və vəzifəsinə bərpa olunub. O bildirir ki, məhkəmə qərarından sonra yenidən işə qayıtdığı anda həmin hadisənin videosu sosial şəbəkələrdə yayılıb ki, bu da onun fikrincə, qərəzli yanaşmanın göstəricisidir.
Qurban Sadıqov 2003-cü ildən Lənkəran rayonu Məmməd Qarayev adına Lövlə kənd tam orta məktəbində Riyaziyyat və İnformatika müəllimi kimi fəaliyyət göstərir. Nümunəvi müəllim kimi fərqləndiyi üçün 2008-ci ildə məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib. O, bütün bu illər ərzində şagirdlərin təlim-tərbiyəsində fəallığı və məsuliyyəti ilə tanınıb.
Direktor müavini ümid edir ki, yayılan görüntülər və əsassız şayiələr onun nüfuzuna xələl gətirməyəcək və illərlə qazandığı müəllim adını kölgəyə salmayacaq.
Ellada Rəsul
DenMedia.az