Qəhvənin yuxusuzluq və yağlı qidalanmanın orqanizmə bəzi mənfi təsirlərini zəiflədə biləcəyi müəyyən edilib. Çinli alimlərin siçanlar üzərində apardığı araşdırmanın nəticələri “Food & Function” elmi jurnalında dərc olunub.
Tədqiqat zamanı siçanlar 9 həftə ərzində yüksək yağlı qidalarla bəslənib və onların yuxusu məhdudlaşdırılıb. Heyvanların bir hissəsinə isə mütəmadi olaraq qəhvə verilib.
Nəticələr göstərib ki, qəhvə qəbul edən siçanlarda narahatlıqla əlaqəli davranışlar azalıb, hipokamp hüceyrələrinin zədələnməyə qarşı müdafiəsi yaxşılaşıb və qaraciyərdə yağ toplanması zəifləyib.

Alimlər qəhvənin xüsusilə beyin, qaraciyər və bağırsaqlara təsir göstərdiyini müəyyən ediblər. Qəhvə bağırsaq mikroflorasının vəziyyətini yaxşılaşdırıb, iltihabı azaldıb və yağ mübadiləsinə müsbət təsir göstərib.
Bununla belə, tədqiqat siçanlar üzərində aparılıb. Buna görə də bu nəticələrin insanlara birbaşa şamil edilməsi üçün əlavə araşdırmalara ehtiyac var.

