Azərbaycan mətbuatının yaranmasının 150 illiyi münasibətilə Qusar Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbir, təəssüf ki, simvolik bir paradoksla yadda qaldı: mətbuat bayramı jurnalistlərsiz qeyd olundu.
Bu barədə Den.az-a bölgədə fəaliyyət göstərən televiziya əməkdaşları məlumat veriblər.
Tədbirdə iştirak edən yeganə media nümayəndəsi bir zamanlar "Qusar" qəzetinin baş redaktoru olmuş, lakin hazırda heç bir aktiv jurnalist fəaliyyəti olmayan Vidadi Sevzixanov olub. O da simvolik olaraq “keçmişi xatırladan bir fiqur” kimi orada yer alıb. Halbuki bölgədə illərdir aktiv fəaliyyət göstərən, yağışda, qarda, isti günlərdə də xəbərin ardınca gedən Aytəkin Alxaslı, AzTV, İTV, ATV, Real TV və digər media qurumlarının nümayəndələri tədbirə dəvət olunmayıb.
Maraqlıdır: niyə? Axı elə həmin icra başçısı Sahir Məmmədxanov bir məsələ ictimailəşəndə, bir problem böyüyəndə ilk növbədə mediyanın köməyinə müraciət edir. O zaman jurnalistlər ön plandadır, amma bayramda – mətbuat bayramında – onlar yox sayılır?
İcra başçısı tədbirdə aparat işçilərinə və vəzifəli şəxslərə Azərbaycan mətbuatının tarixi ilə bağlı uzun-uzadı çıxış edib. Amma görünür, bu tarixdə bugünkü medianın rolu, çətinliklərlə mübarizədə dayanan, cəmiyyətə doğru informasiya çatdırmaq üçün çalışan gerçək jurnalistlərin əməyi nəzərə alınmayıb.
Mətbuatın 150 illiyini məhz mətbuatsız qeyd etmək yalnız simvolik təzad deyil, həm də hörmətsizlikdir – bu sahəyə illərini verən, sosial problemləri gündəmə gətirən, rayonun hər hadisəsində hazır olan jurnalistlərə qarşı.
Belə çıxır ki, media ancaq lazım olanda xatırlanır?
Əgər mətbuat bayramı bu bölgədə çalışan media nümayəndələrsiz keçiriləcəksə, o zaman sual yaranır: kim üçün, nə üçün bayram edirik?
Bu tədbir bir daha göstərdi ki, hörmət yalnız sözlə yox, əməl ilə göstərilməlidir. Əgər jurnalistlər bayram günündə belə unudulursa, demək ki, bu sahənin dəyəri hələ də tam başa düşülmür. Qusar rayon rəhbərliyindən isə ictimaiyyət və media bu münasibətdə izahat və düzəliş gözləyir.
Nüşabə Baxşıyeva