Xəbər verdiyimiz kimi, Quba rayonunun Kardaş kəndində təcili yardım çağırılan xəstə ağır vəziyyətdə olmasına baxmayaraq, xəstəxanaya aparıla bilməyib.
Bu barədə Denmedia.az-a kənd sakinlərindən biri məlumat verib.
Onun sözlərinə görə, kəndə aparan avtomobil yolu tamamilə yararsız vəziyyətdədir. Son günlər yağan yağışlardan sonra sel suları yolu daha da dağıdıb və nəticədə nəqliyyat vasitələrinin kəndə girişi mümkünsüz olub.
Məlumata görə, xəstənin yanına gələn həkim məcburiyyət qarşısında avtomobilini kanalın digər tərəfində saxlayıb. Daha sonra yalnız vətəndaşların çətinliklə istifadə edə bildiyi, köhnə və təhlükəli piyada körpüsündən keçərək xəstəyə baş çəkib.
Sakinlərin sözlərinə görə, bu vəziyyət kənddə ciddi narahatlıq yaradıb. Onlar bildirirlər ki, təkcə xəstəxanaya çatmaq deyil, gündəlik gediş-gəliş, təsərrüfat işləri və təhsil üçün də yol problemi böyük maneə yaradır.
“Əgər xəstənin vəziyyəti bir az da ağır olsaydı, biz onu heç cür xəstəxanaya çatdıra bilməyəcəkdik. Bu, kənd camaatının həyatını birbaşa təhlükəyə atır. İllərdir yolun çəkilməsi ilə bağlı müraciətlər edirik, amma nəticə yoxdur,” – deyə kənd sakinlərindən biri bildirib.
Mövcud vəziyyətə Quba rayon İcra Hakimiyyətindən münasibət bildirib. DenazTv-nin yerli bürosuna açıqlamada qeyd olunub ki, mövcud vəziyyətin aradan qaldırılması, ərazidə körpünün inşa edilməsi ilə əlaqədar, qanunvericiliyin tələblərinə uyğun aidiyyəti üzrə müraciət edilib.
Ümid edirik problem tezliklə öz həllini tapar. Sakinlərin haqlı şikayəti tam aradan qaldırılar.
Nüşabə Baxşıyeva
Denmedia.az