Quba Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Digah kənd tam orta məktəbində antinarkotik təbliğatı çərçivəsində tədbir təşkil olunub.
"Narkomaniya ümumbəşəri bəladır!" devizi altında keçirilən tədbirdə çıxış edən Quba RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev bildirib ki, narkomaniyanın yayılması gələcək nəslin sağlamlığı baxımından ciddi təhlükə törədir. Bu gün ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizə dövlət siyasəti olaraq mühüm yer tutur.
Çıxış edən RPŞ-nin rəisinin xidmət üzrə müavini, polis polkovniki Vüsal Rüstəmov Daxili İşlər Nazirliyinin Polis Akademiyası barədə şagirdlərə ətraflı məlumat verərək, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhfələr, daxili işlər orqanlarının ali təhsilli hüquqşünaslarla təmin olunmasındakı fəaliyyətindən danışıb.
Görüşdə həmçinin, erkən nikahın fəsadları barədə məktəblilər maarifləndiriliblər.
Sonda müzakirə olunan mövzularla bağlı videoçarx nümayiş etdirilib və məktəblilərin sualları cavablandırılıb.