Gündəlik qəhvə istehlakı demensiya (ağıl zəifliyi) riskinin azalması ilə əlaqəli ola bilər.
Bu barədə rusiyalı həkim-endokrinoloq Zuhra Pavlova özünün “Telegram” kanalında məlumat verib.
Həkim 131 mindən çox insanın iştirak etdiyi genişmiqyaslı Amerika tədqiqatının nəticələrinə istinad edib.
Araşdırma göstərib ki, müntəzəm olaraq qəhvə içən insanlarda demensiyaya daha az rast gəlinib. Müxtəlif amillər nəzərə alındıqdan sonra ən çox kofeinli qəhvə istehlak edənlərdə demensiya riskinin təxminən 18 faiz aşağı olduğu müəyyən edilib.
Bundan əlavə, qəhvə həvəskarları yaddaşın və düşünmə qabiliyyətinin zəifləməsindən daha az şikayət ediblər.

Endokrinoloqun sözlərinə görə, ən nəzərəçarpan müsbət əlaqə gündə 2–3 fincan kofeinli qəhvə içənlərdə müşahidə olunub. Çay istehlakında da oxşar nəticələr qeydə alınıb.
Lakin qəhvənin miqdarını daha da artırmaq əlavə üstünlük göstərməyib. Kofeinsiz qəhvənin istehlakı ilə demensiya riskinin azalması arasında isə əhəmiyyətli əlaqə aşkarlanmayıb.
Mütəxəssislər vurğulayırlar ki, araşdırma qəhvə istehlakı ilə demensiya riskinin azalması arasında əlaqə olduğunu göstərsə də, qəhvənin xəstəliyin qarşısını birbaşa aldığını sübut etmir.

