Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 33 il sonra tapılan şəhid Abdulla Novruz oğlu Quliyev torpağa tapşırılıb.
DenMedia.az xəbər verir ki, dəfn mərasimi Abşeron rayonunun Saray qəsəbə qəbiristanlığında keçirilib. Mərasimdə şəhidin doğmaları, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Müdafiə Nazirliyinin əməkdaşları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub. Mərasimdən sonra onun nəşinin qalıqları vətən torpağına tapşırılıb.
Qeyd edək ki, Abdulla Quliyev 26 oktyabr 1968-ci ildə Göyçay rayonunda anadan olub. O, Birinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşüb və 8 may 1992-ci ildə Şuşa şəhərində itkin düşmüş hesab edilirdi.
33 ildən sonra şəhidimizin nəşinin tapılması ailəsi və bütün xalq üçün həm kədərli, həm də qürurverici hadisə kimi dəyərləndirilib.

