Bakı şəhər sakini Rövşən Əliyev xaricdə işlə təmin olunmaq adı ilə külli miqdarda vəsaitin mənimsənilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Onun sözlərinə görə, bir neçə ay əvvəl qardaşı vasitəsilə özünü Akşin Güven Linkoln kimi təqdim edən (Türkiyə vətəndaşı) şəxslə tanış olub. Həmin şəxs Almaniyada iş üçün zəruri sənədləri hazırlayacağını vəd edib. Rövşən Əliyev vasitəçiyə inanaraq ona 20 mindən çox manat pul verib. Bu məbləği toplamaq üçün o, təxminən 100 qram qızıl məmulatı, 250 qram gümüş satıb, həmçinin dövlətdən aldığı sosial yardım vəsaitindən istifadə edib.
Şübhələr vasitəçinin əlavə olaraq guya viza rüsumu adı ilə daha 5 min manat tələb etməsindən sonra yaranıb. O, sənədlərin artıq Almaniya konsulluğuna göndərildiyini iddia edib. Lakin Rövşən Əliyev Almaniyanın Bakıdakı səfirliyinə şəxsən müraciət etdikdə, diplomatik nümayəndəlik əməkdaşları belə bir şəxsi tanımadıqlarını və təqdim olunan sənədlərin saxta olduğunu bildiriblər.
Jurnalist araşdırması zamanı məlum olub ki, sxemin qurbanı zərərçəkənin qardaşı Rafiz Ramizli də olub. Onun sözlərinə görə, eyni şəxs Böyük Britaniyada iş vədi ilə ondan da təxminən 10 min manat alıb.
Son məlumata əsasən, şübhəli şəxs ölkəni tərk edib və onun mobil nömrələri deaktiv edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən fakt təsdiqlənib. Qurumun nümayəndəsi Cəsarət Qəmbərli bildirib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsində dələduzluq faktı üzrə araşdırma aparılır. Toplanan materiallar əsasında şübhəli şəxsin əməllərinə hüquqi qiymət veriləcək və müvafiq prosessual tədbirlər görüləcək.
Ətraflı Xəzər TV-nin videomaterialında.

