Kanadada restoran sahibi 15 yaşdan kiçik uşaqların müəssisəyə girişini qadağan etmək qərarı ilə böyük mübahisəyə səbəb olub.
CityNews xəbər verir ki, Vinnipeq şəhərində yerləşən “Miss Christine’s Kitchen” restoranının sahibi Kristin Pattison qərarını daimi müştərilərinin sakit mühitdə yemək yemək istəyi ilə əsaslandırıb.
Sahibkarın sözlərinə görə, müştəriləri uzun müddətdir ki, uşaqların səs-küyündən və qaçışmasından uzaq, rahat şəkildə vaxt keçirə biləcəkləri məkanın yaradılmasını xahiş edirdilər.
Pattison bildirib ki, əvvəlki iş təcrübəsində valideynlərin telefonla məşğul olduğu, uşaqların isə masalar arasında qaçdığı hallarla tez-tez qarşılaşıb. Onun müşahidələrinə görə, bəzən 15 yaşlı yeniyetmələr kiçik uşaqları sakitləşdirməyə çalışıblar.
Restoran sahibinin qərarı sosial şəbəkələrdə geniş müzakirələrə və tənqidlərə səbəb olub. İstifadəçilər müəssisənin yaş məhdudiyyəti tətbiq etməsinin qanuniliyini müzakirə ediblər.
Pattison məsələ ilə bağlı Manitobanın İnsan Hüquqları Komissiyasına müraciət edərək izahat istəyib. Lakin hələlik qurumdan cavab almadığını bildirib.
Maraqlıdır ki, qalmaqal restoranın müştəri sayının artmasına səbəb olub. Sahibkarın sözlərinə görə, tənqidlərdən sonra müəssisəyə o qədər yeni müştəri gəlib ki, iki gün ardıcıl olaraq hazırlanan bütün yeməklər satılıb.
Pattison komissiyadan qərarın qanunsuz olduğuna dair rəsmi cavab almayacağı təqdirdə 15 yaş məhdudiyyətini dəyişmək niyyətində olmadığını vurğulayıb.

