2025–2026-cı illərin payız-qış mövsümü Azərbaycanın dağlıq əraziləri istisna olmaqla başa çatıb.
Bu barədə “Azəristiliktəchizat” ASC məlumat yayıb.
Mövsüm ərzində qazanxana qurğuları, istilik xətləri və digər infrastruktur elementləri normal rejimdə fəaliyyət göstərib. Yaranan texniki nasazlıqlar operativ aradan qaldırılıb və bu, istehlakçıların fasiləsiz və keyfiyyətli istiliklə təmin olunmasına imkan verib.
Hesabat dövründə Bakı və regionlarda 549 qazanxananın (523 balansda, 26 xidmət üzrə) fəaliyyəti nəticəsində 3 800 yaşayış binası, təxminən 176 500 mənzil, 274 məktəb, 159 uşaq bağçası, 141 səhiyyə müəssisəsi, həmçinin 2 800-dən çox sosial və digər təsərrüfat obyekti istiliklə təmin olunub.
Regionlar üzrə 196 qazanxana 588 yaşayış binasını, 100 məktəbi, 36 uşaq bağçasını, 44 səhiyyə müəssisəsini və 227 sosial obyekti istiliklə təmin edib.
İsti su təchizatı sahəsində isə Bakı və regionlarda fəaliyyət göstərən 41 qazanxana 46 çoxmənzilli yaşayış binasında yerləşən 3 111 mənzili, həmçinin 123 sosial və təsərrüfat obyektini isti su ilə təmin edib.
İstilik mövsümü ərzində 1 309 qazanxana aqreqatı, 3 450 ədəd nasos avadanlığı, təxminən 1 000 km magistral və məhəllədaxili istilik xətləri, eləcə də 80 000-dən çox tənzimləyici və sazlayıcı armatur texniki təhlükəsizlik normalarına uyğun şəkildə istismar olunub.
Bununla yanaşı, 2026-cı ilin birinci rübündə 924 820 Qkal istilik enerjisi istehsal edilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32 910 Qkal (yəni 3,7 faiz) çoxdur.
Həmçinin istismar müddəti başa çatmış 7 köhnə tipli qazanxananın yenidən qurulması işləri tamamlanıb və yenilənmiş obyektlər istifadəyə verilib.
2026-cı ilin ilk üç ayında istilik enerjisinin 99,87 faizi qaz yanacağı ilə, 0,13 faizi isə elektrik və dizel yanacağı hesabına istehsal olunub. Bu həcmdən 513 Qkal (ümumi istehsalın 0,055 faizi) Şuşada tikilmiş yeni elektrik qazanxanalarının payına düşüb.
İstilik mövsümünün başa çatması ilə əlaqədar sistemlərin mərhələli dayandırılması, avadanlıqların diaqnostikası və növbəti mövsümə hazırlıq işlərinə başlanılıb.
Növbəti dövrdə əsas prioritetlər təmir-bərpa işləri, enerji səmərəliliyinin artırılması və xidmət keyfiyyətinin təkmilləşdirilməsi olacaq.

