Azərbaycanda bir sıra bölgələrdə yuxarı sinif şagirdləri arasında kütləvi yoxlamalara başlanılıb.
Yoxlamalar əsasən Abşeron, Sumqayıt və ətraf ərazilərdə yerləşən təhsil müəssisələrini əhatə edir. Hüquq-mühafizə orqanlarının əməkdaşları şagirdlərin çantalarını və şəxsi əşyalarını yoxlayaraq qadağan olunmuş predmetlərin olub-olmadığını araşdırırlar. Bu predmetlərə kəsici-deşici alətlər, tütün məmulatları və digər təhlükəli vasitələr daxildir.
Son günlər müəllimlər valideynlərə müraciət edərək uşaqların məktəbə getməzdən əvvəl çantalarının yoxlanmasını tövsiyə edirlər. Bildirilir ki, bu tədbirlər təhsil müəssisələrində baş verən insidentlərin artması ilə əlaqədardır.
Plankənar yoxlamalar çərçivəsində yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar dərs zamanı siniflərə daxil olur və şagirdlərin üzərində baxış keçirirlər. Qadağan olunmuş əşyalar aşkarlanan şagirdlərlə profilaktik söhbətlər aparılır, məktəb rəhbərliyi və valideynlər dərhal məlumatlandırılır.
Məqsəd məktəblərdə təhlükəsizliyi gücləndirmək və mümkün risklərin qarşısını almaqdır.

