Hər gecə müntəzəm olaraq altı saatdan az yatmaq insult riskini əhəmiyyətli dərəcədə artıra bilər. Mütəxəssisin sözlərinə görə, belə insanlarda insult riski səkkiz saat yatanlarla müqayisədə təxminən 30 faiz yüksəkdir.
Denmedia.az xəbər verir ki, bu barədə Dövlət Maarifçilik Universitetinin tibb fakültəsinin cərrahiyyə kafedrasının baş müəllimi Aleksandr Umnov danışıb.
Həkimin sözlərinə görə, xroniki yuxusuzluq insult riskini təxminən 50 faiz, ağır yuxu apnesi isə 1,5-2 dəfə artıra bilər. Yuxu apnesi insanın gecə ərzində nəfəsinin dəfələrlə müvəqqəti dayanması ilə müşayiət olunan pozuntudur. Yaşlı insanlarda bu vəziyyətin yaratdığı risk daha yüksək ola bilər.
Umnov bildirib ki, yuxu çatışmazlığı simpatik sinir sistemini aktivləşdirir. Nəticədə qan təzyiqi gecə saatlarında normal səviyyədə aşağı düşmür, bəzi hallarda isə daha da yüksəlir.
“Stress hormonlarının ifrazı artır, kortizolun səviyyəsi yüksəlir, qan təzyiqi və ürək döyüntülərinin sayı çoxalır. Eyni zamanda iltihabi proseslər və qanın laxtalanmaya meyilliliyi güclənir. Bütün bunlar hipertoniya, ateroskleroz və qulaqcıqların fibrillyasiyası kimi insultun əsas risk faktorlarına birbaşa təsir göstərir”, – deyə mütəxəssis izah edib.
Həkim əlavə edib ki, gecələr beş saatdan az yatmaq yüksək qan təzyiqinin davamlı xarakter almasına şərait yarada bilər. Bununla yanaşı, sutkada on saatdan çox yatmaq da bəzi hallarda sağlamlıq problemləri ilə əlaqəli ola bilər. Uzunmüddətli yuxu depressiya, yuxu apnesi və ya xroniki iltihab kimi problemlərin əlaməti ola bilər.

Umnovun sözlərinə görə, bir neçə ay ərzində hər gecə cəmi beş-altı saat yatmaq artıq təhlükəli hədd hesab edilə bilər.
“İl ərzində bir neçə dəfə iş səbəbindən yuxusuz qalmaq ciddi risk yaratmır. Lakin davamlı olaraq yuxuya ayrılan vaxtı azaltmaq, kresloda, kiçik divanda, geyimli vəziyyətdə və bədənin normal istirahətinə imkan verməyən şəraitdə yatmaq real risk faktorudur”, – deyə həkim bildirib.
Mütəxəssis vurğulayıb ki, normal yuxu rejiminin bərpası, yuxu apnesi və xroniki yuxusuzluğun müalicəsi ürək-damar xəstəlikləri riskinin azalmasına kömək edə bilər. Qan təzyiqi və xolesterinin nəzarətdə saxlanılması da bu baxımdan mühüm əhəmiyyət daşıyır.

