Çində nazirliklərdən birinin əməkdaşı dövlət sirlərini xarici kəşfiyyat xidmətinə ötürməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib.
Denmedia.az xəbər verir ki, bu barədə Çinin Dövlət Sirlərinin Mühafizəsi üzrə Milli İdarəsi ilə əlaqəli “Baomiguan” kanalı “WeChat” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, Ma soyadlı məmur uzun müddət ərzində Çinin dövlət sirlərini toplayaraq xarici kəşfiyyat xidmətinə ötürüb.
“İşə baxılması zamanı müəyyən edilib ki, Ma soyadlı şəxs uzun müddət Çinin dövlət sirlərini toplayaraq qarşı tərəfə ötürüb. Məhkəmə onu casusluqda təqsirli bilib və barəsində ölüm hökmü çıxarıb. O, həmçinin ömürlük siyasi hüquqlarından məhrum edilib və bütün şəxsi əmlakı müsadirə olunub”, – deyə məlumatda qeyd edilib.
Araşdırma zamanı məmurun xarici kəşfiyyata 100-dən çox kəşfiyyat məlumatı ötürdüyü müəyyənləşdirilib. Onlardan 9-u “məxfi”, 26-sı isə “tam məxfi” kateqoriyasına aid olub.
Məlumata görə, o, bu fəaliyyətinə görə ödənişləri həm Çin ərazisində, həm də xarici ölkələrdə keçirilən şəxsi görüşlər zamanı alıb.
Hadisədə hansı ölkələrin kəşfiyyat xidmətlərinin iştirak etdiyi və məhkumun hansı nazirlikdə çalışdığı açıqlanmayıb.

