Böyük Britaniyalı ağır çəkili boksçu, keçmiş dünya çempionu Tayson Fyuri 2015-ci ildə Vladimir Kliçkonu məğlub edərək dünya çempionu olduqdan bir müddət sonra ona şizofreniya diaqnozu qoyulduğunu bildirib.
Denmedia.az BBC-yə istinadən xəbər verir ki, 38 yaşlı idmançı həmin dövrdə beynində özünə və ailəsinə zərər veriləcəyi ilə hədələyən səslər eşitdiyini etiraf edib.
Fyuri və həyat yoldaşı Paris noyabrın 27-də “Netflix” platformasında yayımlanacaq sənədli filmdə boksçunun yaşadığı ağır dövrdən danışıblar. Onların sözlərinə görə, Fyuri 2016-cı ilin iyununda infarkt şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Həkimlər isə onun həmin vaxt təşviş tutması keçirdiyini müəyyən ediblər.
“İçində olduğum qaranlığı sözlərlə təsvir etmək mümkün deyil. Elə düşünürdüm ki, həyatım qapısı bağlı, divarları yumşaq örtüklə üzlənmiş bir otaqda başa çatacaq. Bu fikir məni dəhşətə gətirirdi”, – deyə boksçu həmin günləri xatırlayıb.

Güclü təşvişin onu gündəlik həyatından uzaqlaşdırdığını bildirən Fyuri sonradan Londonda psixiatra müraciət etdiyini söyləyib.
“Mənə saysız-hesabsız suallar verdi və bütün meyarlara uyğun gəldim: depressiya, təşviş, bipolyar pozuntu”, – deyə idmançı bildirib.
Fyuri xəstəxanada olduğu müddətdə radiodan özünə ünvanlanan səslər eşitdiyini, “İlluminati mənim arxamca düşüb” deyərək həyat yoldaşından onu oradan çıxarmasını xahiş etdiyini də danışıb. Xəstəxanadan çıxdıqdan sonra ona şizofreniya və bipolyar pozuntu diaqnozları qoyulub.
Kliçko üzərində qələbədən sonra artıq çəki alan boksçu narkotik və alkoqol asılılığı ilə də mübarizə aparıb.
“Vəziyyətim o qədər ağırlaşmışdı ki, beynimdə səslər eşidirdim. Heç kimlə oturub normal söhbət belə edə bilmirdim. Kimə müraciət edəcəyimi bilmirdim, heç kim nə edəcəyini bilmirdi. İllərlə bundan bir an belə qurtula bilmədim”, – deyə Fyuri bildirib.

Boksçunun sözlərinə görə, həyatındakı dönüş nöqtəsi 2017-ci ildə Hellouin gecəsi yaşanıb. Qaranlıqda parlayan skelet kostyumu və maska taxaraq çölə çıxdığı zaman öz görünüşündən utandığını deyən Fyuri həmin an həyatını yenidən dəyərləndirdiyini söyləyib.
“Ətrafıma baxıb düşündüm ki, bir vaxtlar bütün dünya əlimin altında idi, amma hər şeyi məhv etmişəm. İndi isə alkoqoldan asılı, artıq çəkili bir adama çevrilmişəm”, – deyə o xatırlayıb.
Həmin gecədən sonra Fyuri diqqətini ailəsinə yönəldərək yenidən məşqlərə başlayıb. O, 2020-ci ildə Deontey Uaylderi məğlub edərək dünya çempionu titulunu geri qazanıb.
Hazırda idmançı dekabrın 11-də Uelsin Kardiff şəhərində Entoni Coşua ilə keçirəcəyi döyüşə hazırlaşır. Qarşılaşma “Netflix” platformasında canlı yayımlanacaq.

