Türkiyənin məşhur “Kiralık Aşk” serialında canlandırdığı Koriş obrazı ilə tanınan aktyor Onur Büyüktopçu 28 kilo arıqlamasının əsl səbəbini etiraf edib.
Denmedia.az xəbər verir ki, aktyor Ceren Akdağın aparıcılıq etdiyi “Sana Ne Bana Ne” proqramında qonaq olarkən arıqlama prosesi ilə bağlı indiyədək gizlətdiyi məqamlardan danışıb.
Daha əvvəl artıq çəkidən pəhriz və idman sayəsində xilas olduğunu bildirən Büyüktopçu əslində arıqlama iynələrindən istifadə etdiyini etiraf edib.
Ümumilikdə 28 kilo çəki itirdiyini söyləyən aktyor əvvəlcə bu üsuldan istifadə etdiyini gizlətdiyini və bunu etiraf etməkdən utandığını bildirib. O, həqiqəti gizlətməsinin səbəbini arıqlama iynələrini başqalarına tövsiyə edirmiş kimi görünmək istəməməsi ilə izah edib.
Büyüktopçu arıqlama iynələrindən istifadə etdikləri halda çəki itirmələrini yalnız pəhriz və idmanla əlaqələndirən məşhurları da tənqid edib.
“Kimlərin istifadə etdiyini, kimlərin isə etmədiyini həqiqətən bilirəm”, – deyə aktyor vurğulayıb.
Onur Büyüktopçu arıqlama iynələrindən həkim nəzarəti altında istifadə etdiyini, müalicəyə başlamazdan əvvəl lazımi tibbi analizlərdən keçdiyini bildirib.
Aktyor həmçinin dostlarından birinin bu preparatlardan nəzarətsiz istifadə etdikdən sonra huşunu itirdiyini söyləyərək, belə vasitələrin yalnız həkim nəzarəti altında tətbiq olunmasının vacibliyinə diqqət çəkib.

