Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Narkotiklərlə Mübarizə üzrə Milli Agentliyi “Grand Theft Auto 6” (GTA 6) videooyunundakı bəzi səhnələrin uşaqlar və yeniyetmələr üçün potensial təhlükə yaratdığı barədə xəbərdarlıq edib.
Denmedia.az BƏƏ mətbuatına istinadən xəbər verir ki, qurum bu barədə “X” sosial şəbəkəsində paylaşım yayıb.
Agentlik xüsusilə narkotik vasitələrin istifadəsini və qanunsuz fəaliyyətləri əks etdirən səhnələrə diqqət çəkib. Bildirilib ki, bu cür məzmun azyaşlıların düşüncə tərzinə və davranışlarına mənfi təsir göstərə bilər.
“Narkotiklərlə Mübarizə üzrə Milli Agentlik GTA 6 oyununda yer alan məzmunun, xüsusilə narkotik istifadəsi və qanunsuz fəaliyyətlərlə bağlı səhnələrin potensial təhlükələri, eləcə də bunların uşaqların və yeniyetmələrin düşüncə və davranışlarına göstərə biləcəyi mənfi təsirlər barədə xəbərdarlıq edir”, – deyə qurumun məlumatında qeyd olunub.
Agentlik valideynləri övladlarının oynadığı elektron oyunlara nəzarəti gücləndirməyə, oyunların yaş məhdudiyyətlərini yoxlamağa və uşaqlara bu cür məzmunun mümkün təhlükələrini izah etməyə çağırıb.
Qurum vurğulayıb ki, azyaşlıların narkotiklərlə bağlı təhlükələrdən qorunması ilk növbədə ailələrin məlumatlılığından və valideyn nəzarətindən başlayır.

