ABŞ-nin Dallas şəhərində dörd uşaq anası olan qadın 35 yaşını qeyd etdiyi gün yol qəzasından sonra güllələnərək öldürülüb.
Denmedia.az “CBS News” telekanalına istinadən xəbər verir ki, hadisə noyabrın 15-də axşam saatlarında C.F. Hawn Freeway avtomagistralında baş verib.
Yerli vaxtla saat 21:15 radələrində atışma barədə məlumat alan polis əməkdaşları hadisə yerinə gəldikdə ağır yaralanmış Stefani Qonsalesi aşkar ediblər.
Qadın təcili xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Stefani Qonsalesin geridə həyat yoldaşı və dörd övladı qalıb. Uşaqlarından ən kiçiyinin hələ bir yaşı tamam olmayıb.
Polis yol qəzasının hansı şəraitdə baş verdiyi və qadına niyə atəş açıldığı barədə hələlik ətraflı məlumat verməyib.
Hadisədən bir həftə sonra, noyabrın 22-də polis qətllə əlaqədar 29 yaşlı Antonio Qonsales-Ordunanın saxlanıldığını bildirib.
Şübhəli şəxsə qətl ittihamı irəli sürülüb və o, istintaq təcridxanasına yerləşdirilib.
Cinayətin motivi hələlik məlum deyil. Araşdırma davam etdirilir.

