Musiqi prodüseri və menecer Elmir Məhərrəmov Moskvada 36 yaşında vəfat edib. Onun meyiti noyabrın 23-də günorta saatlarında paytaxtın Vasili Lanovoy küçəsində aşkar edilib.
Denmedia.az rusiya mediasına istinadən xəbər verir ki, prodüserin ölümünün dəqiq səbəbi hələ müəyyənləşdirilməyib. İlkin ehtimallar arasında intihar və bədbəxt hadisə versiyaları nəzərdən keçirilir.
Elmir Məhərrəmov şou-biznes sahəsində on ildən artıq təcrübəyə malik olduğunu bildirirdi. O, sənətçilərin menecmenti, musiqi layihələrinin idarə olunması və konsertlərin təşkili ilə məşğul olub.

Prodüser “Self Made Music”, “Archer Music” və “Out of Records” musiqi leybllərinə rəhbərlik edib. Müxtəlif dövrlərdə Olqa Buzova və “Artik & Asti” ilə əməkdaşlıq edib. Onun peşəkar fəaliyyəti ilə əlaqələndirilən sənətçilər arasında Dima Bilan, T’Killah, Alex & Rus və Dashi də yer alıb.
Məhərrəmovun adı bir müddət Olqa Buzova ilə mümkün romantik münasibət barədə yayılan xəbərlərdə də hallanıb. 2018-ci ildə “Archer Music Production” şirkətinin baş direktoru və müğənninin şəxsi meneceri olduğu vaxt onların birgə görüntüləri və Türkiyədə birlikdə istirahət etmələri bu barədə söz-söhbətlərə səbəb olmuşdu. Lakin aralarında romantik münasibətin olduğu heç vaxt təsdiqlənməyib.

Mətbuatda yayılan məlumatlara görə, prodüser son dövrlərdə iri musiqi layihələrində fəal iştirak etmirdi.
Elmir Məhərrəmovun ölüm xəbəri meyitinin aşkarlanmasından bir neçə saat sonra yayılıb. Olqa Buzova, Dima Bilan və onunla əməkdaşlıq etmiş digər sənətçilər xəbərin yayıldığı vaxtadək hadisəyə açıq münasibət bildirməmişdilər.
Ölümün hansı şəraitdə baş verdiyi araşdırılır.

