Qarabağ genişmiqyaslı bərpa işləri mərhələsindən tədricən uzunmüddətli iqtisadi inkişaf və investisiyaların cəlb olunması üçün şəraitin formalaşdırıldığı yeni mərhələyə keçir.
Bu barədə Euronews telekanalının süjetində bildirilib.
Məlumata görə, Ağdam və Cəbrayıl rayonlarında sənaye, istehsal və logistikanın inkişafına yönəlmiş yeni iqtisadi zonalar yaradılır. Biznesin və investorların cəlb olunması üçün vergi güzəştləri və digər dəstək mexanizmləri nəzərdə tutulur.
Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, əsas məqsəd uzunmüddətli perspektivdə dayanıqlı inkişafı təmin edə biləcək region formalaşdırmaqdır.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin baş memarı Pərviz Poluxzadə isə şəhərin bərpasından danışarkən işlərin mürəkkəbliyini vurğulayıb və prosesin faktiki olaraq “demək olar ki, sıfırdan” başladığını qeyd edib.
Euronews-un süjetində bildirilir ki, ekoloji təmiz enerjidən və rəqəmsal planlaşdırmadan tutmuş dronlarla aerofotoçəkilişlərə və qabaqcıl xəritələşdirməyə qədər Qarabağın bərpası gələcəyə hesablanmış yanaşma ilə həyata keçirilir.

