Azərbaycanda bank olmayan kredit təşkilatlarının saxta səhifələrini yaradaraq vətəndaşların bank kartlarından pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əməliyyatı DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi həyata keçirib. Qanunsuz fəaliyyətdə şübhəli bilinən Elcan Cəfərov saxlanılıb.
İstintaqın məlumatına görə, şübhəli sosial şəbəkələrdə bank olmayan kredit təşkilatlarının rəsmi hesablarına vizual olaraq bənzəyən saxta səhifələr yaradıb.
Daha çox istifadəçini cəlb etmək üçün həmin səhifələri sosial şəbəkələrdə və WhatsApp qruplarında reklam edib.
Saxta səhifələrə daxil olan vətəndaşlara kredit rəsmiləşdirilməsi təklif olunub. Bu bəhanə ilə onlardan bank kartlarının nömrələri, etibarlılıq müddəti, CVV və OTP kodları əldə edilib.
Məlumatlar ələ keçirildikdən sonra zərərçəkənlərin kartlarındakı pullar başqa şəxslərin hesablarına köçürülüb, daha sonra nağdlaşdırılıb.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanıb. Elcan Cəfərov cinayət məsuliyyətinə cəlb olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

