Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 1-də xüsusi hazırlıq keçmiş və taksi minik avtomobili sürücüsü şəhadətnaməsi almaq istəyən şəxslər üçün imtahan keçirəcək.
DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək istəyən şəxslərin məlumatları aidiyyəti qurumlar tərəfindən Mərkəzə təqdim edilib.
Namizədlər avqustun 24-ü saat 12:00-dan sentyabrın 20-si saat 18:00-dək qeydiyyatdan keçməlidirlər. Bunun üçün DİM-in saytında şəxsi kabinet yaradılmalı və müvafiq elektron xidmət vasitəsilə qeydiyyat tamamlanmalıdır.
İmtahanın iştirak haqqı 35 manatdır. Qeydiyyatdan keçdikdən sonra imtahana gəlməyən şəxslərə ödənilmiş məbləğ geri qaytarılmayacaq.
İmtahan Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 50 ünvanında yerləşən DİM-in elektron imtahanlar korpusunda, həmçinin Gəncədə Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçiriləcək.
İmtahan 1 saat davam edəcək və namizədlərə 20 test tapşırığı təqdim olunacaq. Suallar sürücülərin etik davranış qaydaları və avtomobil nəqliyyatı ilə sərnişindaşımanı tənzimləyən normativ-hüquqi aktları əhatə edəcək.
Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv cavablar isə düzgün cavabların nəticəsinə təsir etməyəcək.
10 və daha çox bal toplayan namizədlər imtahandan uğurla keçmiş hesab ediləcək və onlara 7 il müddətində qüvvədə olan şəhadətnamə veriləcək.

