Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara yol hərəkəti qaydalarına ciddi əməl etmələri ilə bağlı müraciət edib.
İdarədən Denmedia.az-a verilən məlumatda bildirilib ki, yol hərəkətinin təhlükəsizliyi yalnız sürücülərin deyil, piyadaların da məsuliyyətli davranmasından asılıdır.
“Təəssüf ki, bəzi hallarda piyadaların yol şəraitini düzgün qiymətləndirmədən hərəkət hissəsinə çıxması, müəyyən edilməmiş yerlərdən keçməsi və diqqətsiz davranması ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir”, – deyə müraciətdə qeyd olunub.
BDYPİ piyadalara yolu keçərkən piyada keçidlərindən, yerüstü və yeraltı keçidlərdən istifadə etməyi tövsiyə edib.
Bildirilib ki, piyada keçidinin olması yolu dərhal keçmək üçün kifayət etmir. Hərəkətə başlamazdan əvvəl yaxınlaşan avtomobillərin sürəti və məsafəsi düzgün qiymətləndirilməli, sürücünün piyadanı gördüyünə və təhlükəsiz keçid üçün şərait yarandığına əmin olunmalıdır.
Xüsusilə nizamlanmayan piyada keçidlərində daha diqqətli davranmaq vacibdir.
“Nəqliyyat vasitəsinin qarşısına qəfil çıxmaq, məhdud görünmə şəraitində yolu keçmək və avtomobilin dərhal dayanacağına arxayın olmaq ciddi təhlükə yaradır. Üstünlük hüququ heç bir halda ehtiyat tədbirlərini nəzərə almadan hərəkət etməyə əsas vermir”, – deyə müraciətdə vurğulanıb.
İdarədən həmçinin bildirilib ki, yolu keçərkən mobil telefondan, qulaqcıqdan və diqqəti yayındıran digər vasitələrdən istifadə etmək təhlükəni daha da artırır.
Bir neçə saniyəlik diqqətsizliyin ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola biləcəyi barədə piyadalara xəbərdarlıq edilib.

